Metyu Brayza: `Rusiya ilə sərt davranmaq lazımdır` - MÜSAHİBƏ | EKSKLÜZİV

Metyu Brayza: `Rusiya  ilə sərt davranmaq lazımdır` - MÜSAHİBƏ | EKSKLÜZİV
  06 Mart 2014    Oxunub:1775
ABŞ-ın Bakıdakı keçmiş səfiri, diplomat Metyu Brayzanın Ukraynadakı son vəziyyətlə bağlı AzVision.az-a eksklyuziv müsahibəsi.

- Cənab Brayza, keçmiş diplomat və Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinin eksperti kimi Ukraynadakı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?

- Rusiya prezidenti Vladimir Putin qəbul edib ki, Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi, ya da, daha dəqiq desək, Yanukoviçin Əbülfəz Elçibəyin 1993-cü ildə olduğu kimi getmək barədə qərarı Putinin şəxsi və Rusiyanın xarici siyasətinin utandırıcı bir məğlubiyyəti oldu. Putinin Ukraynanı Rusiyanın maraq dairəsindən çıxmağa və Avropa tərəfinə keçməyə qoymamaq qərarı əks atəşlə qarşılanıb.

İndi isə əlacsız Putin imperial və sovet Rusiyasının strategiyasına əl uzadıb: Ukraynanı və onun Qərb dostlarını güc vasitəsilə qorxutmaq, eyni zamanda yalan və dezinformasiyadan istifadə etməklə, qoşunların yeridilməsinə bəraət qazandırmağa çalışır.

Putinin gözləmədiyi bir şey o oldu ki, Qərb martın 2-dən sonra qəti şəkildə hadisələrə münasibət bildirdi. Ukrayna ordusu isə zorakılığa əl atmadı və Qandi strategiyasına yaxın hərəkət etdi. Putin heç nəyi əldə etmədi.

İndi isə Putin müdafiə mövqeyindədir. Martın 4-də keçirdiyi mətbuat konfransında o, geri çəkilməsinə bəraət qazandırmağa çalışdı və bildirdi ki, əgər Kiyevdəki hökumət Şərqi Ukraynada rusdilli əhalinin hüquqlarının müdafiə edilməsi ilə bağlı qanun qəbul etsə - bunu da edəcək,- Şərqi Ukraynada silahlı qüvvələrdən istifadə lazım olmayacaq. Qısa desək, Putin 21-ci əsrin Qərbinin onun 19-cu əsrin hərbi taktikasına qarşı atılan addımların dəyərini hiss edir.

Gözlənilir ki, NATO və Avropa İttifaqı birliyini nümayiş etdirsə, Putin geriyə çəkilməkdə davam edəcək. Lakin, Qərb öz yanaşmasını zəiflətsə, gözləmək olar ki, Putin gərginliyi yenidən təhlükəli dərəcədə artırmağa başlayacaq. Bu da silahlı münaqişəyə və hətta müharibəyə gətirib çıxara bilər.

Sadə sözlərlə desək, Qərbin müharibənin qarşısını almaq və Putini rus qoşunlarını Krımdan çəkilməyə inandırmaq üçün ən yaxşı yolu Moskva ilə mümkün qədər sərt olmaqdır. İndiki zamanda Almaniyanın düşündüyü kimi, Qərbin mülayimliyi və vasitəçiliyin yeri deyil. Vasitəçilik yalnız iki tərəf döyüşdüyü zaman lazım olacaq. Bu halda Rusiya hərbi təcavüzkardır, Ukrayna isə müdrik təmkinliyini göstərərək passiv və dinc qalır.

Düşünmürəm ki, Rusiya Abxaziya və Cənubi Osetiyada olduğu kimi, Gürcüstan ssenarisini təkrarlamaq istəyir. Amma, mən hesab edirəm ki, Putin qarşısına qoyduğu məqsədlərlə bağlı aydın fikrə malikdir və güc tətbiq etməklə, özünü çətin vəziyyətdə qoydu.

- Hazırda Ukrayna hakimiyyətində olanlar həqiqətən ölkədə demokratik qüvvələri təmsil edirlər?

- Mən tam olaraq deyə bilmərəm, amma buna ümid edirəm. Aydındır ki, baş nazir Yasenyuk demokratiyaya inanır, eynilə hökumətdə olan nazirlərin çoxu da buna inanır. Lakin Ukraynada həqiqi demokratiyanı yaratmaq üçün həqiqi demokratik seçkilərin keçirilməsi və sonra da Ukraynanın seçilmiş liderlərinin demokratik institutlar yaratması lazımdır. Təəssüf olsun ki, `Narıncı İnqilab`dan sonra hakimiyyətə gələnlər demokratiyanın yaradılmasındansa, şəxsi münaqişələrə daha çox diqqət yetirirlər.

- Ukraynaya siyasi böhrandan çıxmaq üçün nə məsləhət görə bilərsiniz? Ukrayna həqiqətən də Avropa İttifaqı istiqamətində addım atmalıdır, yoxsa Rusiya inkişaf yolunu seçməlidir?

- Mən Ukrayna hökumətinə lazım olanı etməyi, eləcə də Rusiyanı qanunsuz müdaxilədə ittiham edərkən, diplomatik aydınlığa malik olmasını məsləhət görə bilərəm. Bundan əlavə, Kiyevdəki hökumət bütün rusdilli əhalinin və digər azlıqların hüquqlarını müdafiə edəcək qanun qəbul etməli və onu reallaşdırmalıdır. Sonda, hökumət ağrılı, lakin vacib iqtisadi islahatlar aparmalıdır. Yəni Ukraynanın Rusiyanın təzyiqlərinə qarşı həssaslığının azalması üçün BVF, AB və ABŞ birinciyə iqtisadi yardım etməlidir. Bu islahatların əsas elementi enerji sektoru olmalıdır.

Ukrayna həm AB, həm də Rusiya ilə güclü əlaqələrə malik olmalıdır. Bu, təbii ki, AB-nin yanaşmasıdır. O da aydındır ki, bu, Rusiyanın yanaşması deyil. Sovet İttifaqının dağılmasından sonra Avropa Birliyinə daxil olan bütün ölkələr bu müddət ərzində post-sovet ölkələrindən fərli olaraq iqtisadi cəhətdən daha çox inkişaf ediblər. Əlbəttə ki, Azərbaycan 2006-cı ildə güclü iqtisadi inkişafa başlayıb və gözləyirəm ki, bu inkişaf davam edəcək.

- Sizcə, bu böhran MDB regionunda nə cür fəsadlar törədəcək? Ukrayna ssenarisinin hər hansı digər post-sovet ölkəsində təkrarlanması mümkündürmü?

- Hesab edirəm ki, Ukraynada baş verən və davam edən hadisələr ancaq Ukrayna üçün unikaldır. Mən bu hadisələrin hər hansı digər yerdə təkrarlanacağını gözləmirəm.

Moskvanın Gürcüstan və Moldovanın 2014-cü ilin yay mövsümünün sonunda AB ilə Assosiasiya Sazişinin imzalamamaları üçün öz kobud taktikadan istifadə edəcəyini gözləyirəm. Qərb Rusiyanın təzyiqinin qarşısını almalı və Gürcüstanla Moldovaya öz seçimini etməyə imkan verməlidir.

Əlibəy Dağıstanlı
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti